Böyrəklərin fəaliyyəti qəbul etdiyimiz suyun miqdarından çox asılıdır. Orqanizmin maye mühitini stabil saxlamaq və əmələ gələn zərərli maddələrin böyrəklərə daşınması, həmçinin orqanizmdən atılması üçün yetərli miqdarda suyun qəbulu mütləqdir. Su az qəbul edildikdə yalnız böyrəklərin funksiyası pozulmur, həm də böyrək daşının və sidik yolları iltihabi xəstəliklərinin yaranma riski artır.
Optimal su qəbulu həm də bir çox başqa orqanların fəaliyyəti üçün də çox vacibdir. Yeni doğulmuş bir uşaq orqanizminin 75%-ni su təşkil edir. Insan yaşlandıqca suyun orqanizmdə payı azalsa da yaşlı adamda belə 60% təşkil edir.

SU
1. Dərini nəmləndirir
2. Artıq yağların əridilməsində rol oynayır
3. Toksinləri bədəndən ataraq orqanizmi təmiz saxlayır
4. Orqanların çalışması zamanı bir-birinə sürtünməsinin qarşısını alır
5. Beyin tamamən suyun içində fəaliyyət göstərir, suyun azalmasi bütün beyin funksiyalarını pozur
6. Nəfəs alınan havanın nəmlənməsi ağciyərin normal fəaliyyətini təmin edir
7. Hüceyrələrə oksigen daşımanı təmin edir
8. Qidanın həzm olmasında və lazımlı maddələrin daşınmasında rol oynayır

Buna görə gün ərzində bizə lazım olan suyu mütləq qəbul etməliyik. Lazım olan suyun həcmi isə çəkimizdən asılı olaraq 2-2,5 L aralığında dəyişir. Bəzən yanlış olaraq tələb olunan suyu çay, qəhvə və ya bu tip kofein tərkibli mayelərlə əvəz etməyi düşünürük ki, əslində bu yol verilməzdir.

Suyun faydaları nə qədər çox olsa da, artıq qəbulu da zərərlidir. Gün ərzində 4 L və ya daha artıq su qəbul etdikdə maye mühitini sabit saxlamaq məqsədi ilə böyrəklər daha çox işləyərək artıq suyu bədəndən atır. Bu vəziyyət isə orqanizmə lazımlı bir çox mikroelementlərindən bədəndən qovulmasına səbəb olur ki, bu da öz növbəsində bir sıra problemlərə yol açır.

Ən doğrusu gün ərzində xaric olunan sidiyin rəngini nəzarətdə saxlamaqdır. Sidiyin rəngi normada samanı sarı olmalıdır. Rəngin tündləşməsi az su qəbul etməyinizdən, açıq rəngi isə lazım olandan çox su qəbul etməyinizdən xəbər verir. 

Bəzən daha asan yol olan “8X8” metodundan istifadə edilir ki, bu da praktiklik baxımdan istifadə oluna bilər, yəni gün ərzində ən azı 8 dəfə toplamda 8 fincan su içilməlidir.

e-Randevu

Həkimlə görüş təyin edin - növbə gözləməyin və dəyərli vaxtınızı itirməyin!

Randevu istəyimi göndər